BMT-nin malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında konvensiyası, onun hüquqi çərçivəsi və beynəlxalq ticarətdə tətbiqi barədə Fərid Savalanlı tərəfindən hazırlanmış məqalə.
Giriş
“Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında konvensiyası” malların beynəlxalq alqı-satqısı üzrə müqavilələri tənzimləmək, müxtəlif hüquq sistemlərini nəzərə alan vahid normaların qəbul edilməsi, beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılması və beynəlxalq ticarətin inkişafını təşfiq etmək məqsədilə 11 aprel 1980-ci ildə Vyana şəhərində imzalanmış və indiyədək 97 dövlət tərəfindən ratifikasiya edilmişdir. Azərbaycan Respublikası bu konvensiyaya 1 fevral 2016-cı il tarixində qoşulmuşdur.
Konvensiyanın tətbiqi dairəsi, əsas hüquq və öhdəliklər
Konvensiya fəaliyyət yerləri müxtəlif dövlətlərdə yerləşən tərəflər arasında alqı-satqı müqavilələrinə 2 halda tətbiq olunur:
1. Bu dövlətlər razılığa gələn dövlətlər olduqda; və ya
2. Beynəlxalq xüsusi hüququn normaları razılığa gələn dövlətin hüququnun tətbiqinə gətirib çıxardıqda.
Konvensiya aşağıdakılara tətbiq olunmur:
1. Şəxsi, ailə və məişətdə istifadə üçün satın alınan malların satışına, satıcının müqavilənin bağlanılmasından əvvəl istənilən vaxt və ya müqavilənin bağlanıldığı an malların belə məqsədlərdən hər hansı biri üçün satın alındığını bilmədiyi və ya bilməli olmadığı hallar istisna olmaqla;
2. Hərrac vasitəsilə satışa;
3. İcra qaydasında və ya qanunun tələbinə əsasən digər qaydada satışa;
4. Səhmlərin, payların, investisiya qiymətli kağızlarının, ödəniş qiymətli kağızlarının və ya pulun satışına;
5. Su və hava nəqliyyatı gəmilərinin, habelə hava yastıqlı gəmilərin satışına;
6. Elektrik enerjisinin satışına.
Bu Konvensiya malları təchiz edən tərəfin öhdəliklərinin üstünlük təşkil edən hissəsinin işlərin görülməsi və ya digər xidmətlərin göstərilməsindən ibarət olduğu müqavilələrə tətbiq olunmur və yalnız alqı-satqı müqaviləsinin bağlanılmasını və alıcı və satıcının müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir.
Konvensiyanın 7 (2)-ci maddəsinə əsasən tənzimetmə predmetinə aid olan, lakin birbaşa olaraq həllini tapmayan məsələlər onun əsaslandığı ümumi prinsiplərə, belə ümumi prinsiplər olmadığı təqdirdə isə, beynəlxalq xüsusi hüququn normalarına əsasən tətbiq edilməli olan hüquqa uyğun olaraq həll olunmalıdır.
Konvensiyanın 2-ci hissəsi, yəni 14-24-cü maddələri ümumilikdə tərəflər arasında müqavilənin bağlanılmasına dair ümumi qaydaları, müqavilənin imzalanmasına dair tərəfin verdiyi ofertanın digər şəxs tərəfindən aksept edilməsi və hansı hallarda artıq edilmiş təklifin geri götürülməsi və buna müvafiq olaraq qeyd edilən və digər halların bu konvensiya baxımdan hüquqauyğunluğuna dair qaydaları müəyyən edir.
Konvensiyaya müvafiq olaraq Satıcının öhdəlikləri:
Ümumilikdə, Satıcı müqavilə və bu konvensiyanın tələblərinə uyğun olaraq malları göndərməli, ona aid olan sənədləri təqdim etməli və mallar üzərində mülkiyyət hüququnu ötürməlidir.
Malları hər hansı digər müəyyən yerə göndərməli deyilsə, malları göndərilməsi ilə bağlı öhdəliyi aşağıdakılardan ibarətdir:
1. Alqı-satqı müqaviləsi malların daşınmasını nəzərdə tutursa - malların alıcıya verilməsi məqsədi ilə birinci daşıyıcıya təhvil verilməsi;
2. Spesifik mallara və ya müəyyən bir ehtiyatdan götürülməli və ya hazırlanmalı və ya istehsal olunmalı olan fərdiləşdirilməmiş mallara aiddirsə və tərəflər müqavilənin bağlanılması anında malların müəyyən yerdə olduğunu və ya müəyyən yerdə hazırlanmalı və ya istehsal edilməli olduğunu bilirdilərsə - malların həmin yerdə alıcının sərəncamına verilməsi;
3. Digər hallarda - müqavilənin bağlanılması anında satıcının fəaliyyət yeri olan yerdə malların alıcının sərəncamına verilməsi.
Satıcının öhdəlikləri ilə bağlı konvensiyanın 2-ci bölməsində (Malların uyğunluğu və üçüncü şəxslərin tələbləri) təchiz edilməli olan malların keyfiyyət, qablaşdırma və digər göstəricilərinə münasibətdə tələblər, təchiz ediləcək mallara münasibətdə riskin nə zaman və hansı hallarda digər tərəfə keçməsi, Alıcı tərəfindən mövcud şərtlər çərçivəsində müəyyən edilmiş müddətdə mallara baxış keçirməsi qaydaları, malların keyfiyyət və digər göstəricilərində aşkar edilmiş uyğunsuzluqlara münasibətdə qarşı tərəfə bildirişin verilmsi qaydası və müddəti və digər hallar müəyyən edilmişdir.
İstənilən halda, alıcı uyğunsuzluq haqqında bildirişi malların faktiki olaraq ona təhvil verilməsi tarixindən başlayaraq iki il müddətindən gec olmayaraq satıcıya vermədikdə, alıcı həmin uyğunsuzluğa istinad etmək hüququnu itirir, bir şərtlə ki, bu müddət müqavilədə razılaşdırılmış zəmanət müddəti ilə ziddiyyət təşkil etməsin.
Konvensiyanın 41-44-cü maddələri Satıcının 3-cü şəxlərin hüquqlarından azad malların Satıcıya verilməsi qaydalarını və müstəsna edilən halları (razılıq olduğu hallar istisna edilir) müəyyən edir.
Satıcının öhdəlikləri ilə bağlı konvensiyanın 3-cü bölməsi satıcı tərəfindən müqavilə şərtlərinin pozulması halında hüquqi müdafiə vasitələrini və ümumilikdə müqavilə üzrə şərtlərin pozulması hallarında Alıcı tərəfindən hansı qaydada müqaviləyə xitam verilə bilmə imkanını müəyyən edir.
Konvensiyaya müvafiq olaraq Alıcının öhdəlikləri:
Ümumilikdə, Alıcı müqavilə və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir.
Alıcının öhdəlikləri ilə bağlı konvensiyanın 1-ci bölməsi Müqaviləyə münasibətdə tərəflərin qiymətlə bağlı razılaşmalarını, ödənilmə qaydalarını və zəruri hallarda qiymətin hansı qaydada müəyyən edilmə imkanlarını müəyyən edir. Bu cəhətdən konvensiyanın 55-ci maddəsi əhəmiyyət kəsb edir. Belə ki, Müqavilə hüquqi cəhətdən etibarlı formada bağlandıqda, lakin birbaşa və ya dolayı olaraq qiyməti müəyyən etmədikdə və ya onun müəyyən olunması qaydasını nəzərdə tutmadıqda, hər hansı digər qaydaya dair göstəriş olmadıqda, tərəflərin müqavilənin bağlanılması anında ticarətin müvafiq sahəsində müqayisə oluna bilən şəraitdə satılan belə mallara görə, adətən, alınan qiymətə istinadı nəzərdə tutduqları hesab edilir.
Alıcının öhdəlikləri ilə bağlı konvensiyanın 3-cü bölməsi alıcı tərəfindən müqavilə şərtlərinin pozulması halında hüquqi müdafiə vasitələrini və ümumilikdə müqavilə üzrə şərtlərin pozulması hallarında Satıcı tərəfindən hansı qaydada müqaviləyə xitam verilə bilmə imkanını müəyyən edir.
Konvensiyanın 66-70-ci maddələri müqavilə tərəfləri arasında riskin keçməsi ilə bağlı halları müəyyən edir. Beklə ki, konvensiyanın 66-cı maddəsinə əsasən, riskin alıcıya keçməsindən sonra malların itirilməsi və ya zədələnməsi alıcını qiyməti ödəmək öhdəliyindən azad etmir, bir şərtlə ki, belə itirilmə və ya zədələnmə satıcının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsin.
Konvensiyanın 67-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi malların daşınmasını nəzərdə tutduqda və satıcı malları hər hansı xüsusi yerdə təhvil verməli deyilsə, risk malların alıcıya verilməsi üçün alqı-satqı müqaviləsinə uyğun olaraq birinci daşıyıcıya təhvil verildiyi anda alıcıya keçir. Satıcı malları hər hansı xüsusi yerdə daşıyıcıya təhvil verməlidirsə, malların həmin yerdə daşıyıcıya təhvil verilməsinə qədər risk alıcıya keçmir. (Mallar müqavilənin məqsədləri üçün markalanma yolu ilə, yük sənədləri vasitəsilə, alıcıya verilən bildirişlə və ya digər qaydada dəqiq eyniləşdirilməyənədək risk alıcıya keçmir)
Satıcı və Alıcının öhdəlikləri üçün ümumi müddəalar:
Konvensiyanın 71-73-cü maddələri tərəflərin öhdəliklərinin icrasından imtina etməyə əsas vermə və malların xüsusi partiyalar əsasında göndərilməsi hallarını, 74-77-ci maddələri isə zərərin müəyyən edilməsi hallarını müəyyən edir.
Tərəflərdən biri tərəfindən müqavilənin pozulmasına görə zərər müqavilənin pozulması nəticəsində digər tərəfin çəkdiyi, əldən çıxmış fayda da daxil olmaqla, itkiyə bərabər olan məbləği təşkil edir. Belə zərər müqaviləni pozmuş tərəfin müqavilənin bağlanması anında, onun həmin zaman bildiyi və ya bilməli olduğu faktlar və hallar da nəzərə alınmaqla, müqavilənin pozulmasının mümkün nəticəsi kimi gördüyü və ya görməli olduğu itkidən yuxarı ola bilməz.
Konvensiyanın 79-cu maddəsi tərəflərin öhdəliklərdən azad edilməsi ilə bağlı halları (istisnalar), 81-84-cü maddələr müqaviləyə xitam verilməsinin nəticəsində tərəflərin öhdəliklərini, 85-88-ci maddələr isə malların saxlanılması qaydalarını müəyyən edir.
“Scafom International BV v. Lorraine Tubes S.A.S” keysi və Konvensiya
Tərəflər polad borularının tədarükünə dair alqı-satqı müqaviləsi bağlamış, lakin müqavilənin imzalanmasından sonra poladın qiyməti gözlənilməz dərəcədə 70% artmışdır. Bu zaman tərəflər arasında bağlanmış müqavilədə qiymət uyğunlaşdırılmasına dair hər hansı müddəa yox idi. Müqavilənin tərəfi olan satıcı (“Lorraine Tubes”) qiymət artımının müqavilənin icrasını qeyri-mümkün və qeyri-adekvat dərəcədə çətin etdiyini irəli sürərək qiymətlərin yenidən nəzərdən keçirilməsini tələb etmiş, Alıcı (“Scafom İnternational”) isə müqavilənin ilkin şərtlərinə sadiq qalınmasını tələb etmişdir.
Belçika Ali məhkəməsi tərəfindən 19 iyun 2009-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında konvensiyası (CISG) və tətbiq olunan qanunvericiliyə əsaslanaraq müvafiq işlə bağlı qərar vermişdir.
Belçika Ali Məhkəməsi, CISG-nin 79-cu maddəsinə əsaslanaraq, müqavilənin bağlanması zamanı gözlənilməz və müqavilənin icrasını qeyri-adekvat dərəcədə çətinləşdirən hallar baş verdikdə tərəfin müqavilə şərtlərini yenidən danışıqlar yolu ilə uyğunlaşdırmaq hüququ olduğunu təsdiqləmiş və Satıcının gözlənilməz qiymət artımı ilə əlaqədar müqavilə şərtlərini yenidən danışıqlar yolu ilə həll etmək hüququ olduğunu müəyyən etmişdir.
Konvensiyanın 79-cu maddəsi:
(1) Tərəf, öhdəliklərini nəzarətindən kənar və müqavilə bağlanarkən gözlənilməsi mümkün olmayan maneə səbəbindən yerinə yetirə bilmədiyini sübut edərsə, məsuliyyətdən azad olunur.
(2) Tərəfin öhdəliyini icra etməməsi, onun tərəfindən müqavilənin bütövlükdə və ya bir hissəsinin icrasına cəlb olunan üçüncü şəxs tərəfindən icra edilməməsinin nəticəsində baş verərsə, bu tərəf yalnız aşağıdakı hallarda məsuliyyətdən azad edilir:
(a) o, əvvəlki bənd əsasında məsuliyyətdən azad olunduqda; və
(b) qeyd olunan bəndin müddəaları onun tərəfindən belə cəlb olunan şəxsə də tətbiq olunsaydı, həmin şəxs də məsuliyyətdən azad olunardısa.
(3) Məsuliyyətdən azad edilmə yalnız həmin maneənin mövcud olduğu dövrə şamil olunur.
(4) Öhdəliyini icra etməyən tərəf maneə və həmin maneənin onun icranın həyata keçirilməsi qabiliyyətinə təsiri barədə digər tərəfə bildiriş verməlidir. Bu bildiriş öhdəliyini icra etməyən şəxsin maneə barədə bildiyindən və ya bilməli olduğundan sonra ağlabatan müddətdə digər şəxs tərəfindən alınmadıqda öhdəliyini icra etməyən tərəf bu bildirişin alınmamasının nəticəsi olan zərərə görə məsuliyyət daşıyır.
(5) 79-cu maddənin heç bir müddəası, zərərin əvəzinin ödənilməsi tələbi istisna olmaqla, tərəflərdən hər birinin bu Konvensiya əsasında istənilən digər hüququnun həyata keçirilməsinə mane olmur.
Qeyd edilən keysdə əsas hüquqi mübahisələrdən biri gözlənilməz halların baş verdiyi təqdirdə (məs: qiymət artımı) qiymət uyğunlaşdırılmasına dair hər hansı qaydanın həm konvensiyada (CISG), həm də tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilməmiş olmasıdır. (Lakin konvenisyanın ümumi tələblərində istisna da edilməmişdir)
Konvensiyanın 7-ci maddəsinə əasən konvensiyanın tənzimetmə predmetinə aid olan, lakin onda birbaşa olaraq həllini tapmayan məsələlər onun əsaslandığı ümumi prinsiplərə, belə ümumi prinsiplər olmadığı təqdirdə isə, beynəlxalq xüsusi hüququn normalarına əsasən tətbiq edilməli olan hüquqa uyğun olaraq həll olunmalıdır.
Beynəlxalq xüsusi hüquq normaları baxımdan tətbiq edilən hüquq qismində Fransa hüququ əsas götürülmüş və konkret mübahisənin həlli zamanı müxtəlif prinsiplərə istinad edilmişdir.
Bildiyimiz kimi müqavilələr “pacta sunt servanda” prinsipi əsasında bağlanılır, lakin gözlənilməz hadisələr tərəflər arasındakı öhdəlik balansını poza və tərəflərdən birinin öz öhdəliklərini tam formada həyata keçirməsini çətinləşdirə bilər. Qeyd edilən keysin mahiyyətindən də irəli gələn və ilkin olaraq istinad edilən əsas prinsiplərdən biri qismində Theory of Imprevision – İmpreviziya prinsipini nəzərdən keçirə bilərik. Bu prinsip, müqavilənin icrasının əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hallar nəticəsində bir tərəf üçün ədalətsiz dərəcədə çətinləşdiyi halda müqavilənin mövcud vəziyyətə uyğunlaşdırılmasını nəzərdə tutur. Qeyd edilən prinsipin tətbiqi üçün yaranmış hal 3 əsas şərtə cavab verməlidir:
1. Əvvəlcədən nəzərdə tutulması mümkün olmayan və fövqəladə olmalıdır;
2. Müqavilə bağlandıqdan sonra baş verməlidir;
3. Müqavilənin icrasını mümkünsüz və ədalətsiz etməlidir.
Mühüm iqtisadi və sosial dəyişikliklərin mürəkkəb və uzunmüddətli müqavilələr üçün baş vermə ehtimalının daha yüksək olduğunu nəzərə alsaq, bu kimi prinsiplər həmin tip müqavilələr üçün daha aktualdır.
Bu prinsip yaranmış mübahisənin ümumi təbiətinə uyğun olmasına baxmayaraq, Frana hüququnda müstəqil hüquq prinsipi kimi müəyyən edilmədiyi üçün istinad edilməmiş, “Good Faith” prinsipi əsas götürülmüş və mübahisənin həli bu istiqamətdə davam etdirilmişdir.
“Scafom International BV v. Lorraine Tubes S.A.S” keysi Konvensiya çərçivəsində dəyişən iqtisadi şəraitin müqavilə münasibətlərinə təsirini müzakirə edən əhəmiyyətli bir presedent hesab edilir və ümumi prinsiplərdən istifadə etməklə müqavilənin yenidən nəzərdən keçirilməsi və konkret mübahisənin həllini müəyyən edir.
Nəticə
Nəticə olaraq qeyd etmək istərdim ki, “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında konvensiyası” hal-hazırda xarici elementli müqavilə münasibətlərinin tənzimlənməsində geniş tətbiq edilən mexanizmdir. Konvensiya tərəflər arasında bağlanan alqı-satqı müqavilələri çərçivəsində müqavilənin bütövlükdə əsas və əlavə şərtlərini, tərəflərin hüquq və öhdəliklərini ətraflı formada əhatə edir və bu səbəbdən hal-hazırda beynəlxalq alqı-satqı müqavilələrində geniş tətbiq edilir. Bununla belə, qeyd etdiyim (“Scafom International BV v. Lorraine Tubes S.A.S”) və bir sıra digər keyslərdən konvensiyanın tətbiqi zamanı konkret yaranmış hüquq mübahisələrinin həllində boşluqların olduğu da bəllidir. Bu zaman, bir çox hallarda konvensiyanın 7 (2) maddəsi əsas tutularaq, Konvensiyanın tənzimetmə predmetinə aid olan, lakin birbaşa olaraq həllini tapmayan məsələlər onun əsaslandığı ümumi prinsiplərə, belə ümumi prinsiplər olmadığı təqdirdə isə, beynəlxalq xüsusi hüququn normalarına əsasən tətbiq edilməli olan hüquqa uyğun olaraq həll olunur. Hər bir halda, bu məsələ yaranmış mübahisə və konkret işin təfərrüatlarından asılıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir.
Müqavilə münasibətləri çərçivəsində konvensiyanın müddəaları tərəflər üzərində birbaşa öhdəlik yaradır.
Ədəbiyyat:
1. United Nations Convention on Contracts for the International Sale of Goods (CISG), 1980, 1489 U.N.T.S.
2. “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikasinin Qanunu
3. Scafom International BV v. Lorraine Tubes S.A.S., C-33/10, ECLI:EU:C:2010:772 (European Court of Justice, 2010).
4. Ciongaru, E. (2014). Theory of imprevision, a legal mechanism for restoring contractual justice. Procedia - Social and Behavioral Sciences, 149, 174–179. https://doi.org/10.1016/j.sbspro.2014.08.183